Hər il mayın 18-i dünya ölkələrində
Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar
arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis
olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq
Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifah” devizi seçilib.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə
təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə
mühüm rol oynadığını göstərməkdir.
Bu əlamətdar gün münasibətilə Gəncə şəhərində
fəaliyyətini davam etdirən Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünasılıq
muzeyində "Açıq qapı" günü oldu. Gün ərzində muzeyə ekskursiya edən məktəblilərə və
qonaqlara muzeyin bələdçisi tərəfindən Xocalının qədim tarixi və bir-birindən dəyərli eksponatları
haqqında məlumat verildi. Bildirildi ki,
ölkəmizdə mövcud muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi
işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları məhv olunub, yaxud
təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət
abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm
qalereyasını tamamilə məhv edib. 1988-ci ildən başlayaraq erməni təcavüzü
nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə
qalıb.
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi 1988-ci ildən 1991-ci
ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası
Mədəniyyət nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon
Mədəniyyət Şöbəsinin 5 may tarixli əmri ilə rəsmi fəaliyyətə başlamışdır. Əfsuslar
olsun ki, 1992-ci il may ayının 9-da erməni quldurlarının Xocalı rayonunun
Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb.
Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat var
idi.
Qarabağın tarixini əks etdirən qədim
xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və
keramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı
boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim
kənd təsərrüfatı alətləri muzeydə yer almışdı.
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq
muzeyi tarixə güzgü tutur. Xocalı –
Gədəbəy mədəniyyətinin erməni vandallarından “canlarını” qurtara bilən bəzi
eksponatları zəngin mədəni mirasımızın indiki və gələcək nəsillərə qalan nadir inciləri
kimi burada qorunur və təbliğ edilir. Muzey Xocalı eksponatlarının qorunub
saxlanıldığı bir tarix evi olduğu kimi, həm də Xocalı soyqırımını əks etdirən stendləri,
kitabları ilə erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru